Plastik qablaşdırma tullantıları, xüsusən də polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Bu günədək istehsal olunan plastik qablaşdırma məhsullarının 50%-i son 20-25 il ərzində istehsal olunub. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik tullantıların təbiətdə 100 illər ərzində parçalanmadan ilbəil miqdarının artmasıdır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir. Eyni zamanda, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına və bununla da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Digər tərəfdən, bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.
U.Tağıyeva bildirib ki, Azərbaycanda isə Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış təhlilə görə, adambaşına ildə 24 kq plastik tullantı əmələ gəlir.
“Azərbaycanda Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2009-cu ilə görə plastik torbaların ölkədə istehsalı 2 dəfəyə qədər, bu məhsulların ölkəyə idxalı isə 5 dəfəyə qədər artıb”.
Nazirlik rəsmisi həmçinin bildirib ki, ETSN gələn ildən başlayaraq ticarətdə plastik torbaların ödənişli olması ilə bağlı müvafiq işlər görür və yaxın zamanda ölkədə birdəfəlik istifadə olan 20 mikrona qədər plastik torbaların istifadəsinin qadağan olunması nəzərdə tutulur.
Düşünürük ki, bu addımlar problemin həlli istiqamətində irəliləyişin əldə olunmasına, atmosfer havasının əlavə çirklənməməsinə və insan səhhəti üçün yarana biləcək fəsadların azaldılmasına gətirəcək. Hər bir insanın təmiz ətraf mühitdə yaşamaq hüququ varsa, deməli heç bir insanın da bu ətraf mühiti çirkləndirmək hüququ yoxdur
Ekoloq Müslüm Qurbanov da bu qərarı doğru addım kimi qiymətləndirib: “Nazirlik gec də olsa, qərar verdi. İnsanlar torbalardan istifadə qaydalarına riayət etmirdilər. Az məhsul alsalar belə, az qala, hər məhsulu bir torbaya yığırdılar. Bu da plastik torbaların daha çox zibilə çevrilməsinə səbəb olurdu. Bu məhsullar da təbiətə atılanda məhv olmur, yandırmaq isə atmosferə böyük ziyan vura bilər”.
Ekoloq düşünür ki, bu cür polimer materialların torbalar, şirə qabları kimi istifadə edilməsi üçün əvvəlcədən müəyyən mexanizm işlənməli idi: “Məsələn, plastik qablardan suların, şirələrin qablaşdırılmasında da istifadə edilir. Onları yenidən emala cəlb etmək üçün firmaya təhvil vermək olardı”.
“Kağız torbalardan istifadə yaxşıdır. Amma ağacların kəsilməsi məsələsi də gündəmdədir və ekologiyaya ziyan vurmamaq lazımdır. Buna görə də vətəndaşlar qənaət etməyi bacarmalıdır” – deyə M.Qurbanov qeyd edib.